Davamçı köşəsi

Azərbaycandan Avropaya uzanan yol – Bolqarıstan əsas ticarət tərəfdaşlarımızdan birinə çevrilir

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri beynəlxalq aləmə uğurlu çıxışı təmin etmək, diplomatik münasibətlər sistemini formalaşdırmaq idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz nəinki bunu təmin etdi, həmçinin beynəlxalq siyasətdə “yeni termin” kimi qəbul olunan – balanslaşdırılmış xarici siyasət kursunun əsası qoyuldu. Məhz bu müstəqil və milli maraqlara söykənən diplomatik siyasət daxildə sabitliyin təminatçısı rolunda çıxış edir, Azərbaycanın əhəmiyyətini günbəgün artırırdı. Bu gün Azərbaycan dünyanın önəmli, regionun isə lider dövlətinə çevrilib. Təsadüfi deyil ki, ölkəmizin rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Heç şübhəsiz, burada Cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən məntiqli, rasional və praqmatik xarici siyasət kursunun müstəsna əhəmiyyəti var.

Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlər 1992-ci ilin yayında formalaşıb. 1999-cu ildə dekabrında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2004-cü ilin aprelində Prezident İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin təsis olunması barədə sərəncam imzalayıb. Azərbaycanla Bolqarıstan arasında səhiyyə və tibb elmi sahəsində, investisiyanın təşviqi və qarşılıqlı qorunması, ticarət gəmiçiliyi haqqında, ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə sazişlər imzalanıb. Bu gün Bolqarıstan Azərbaycan neft və qazının əsas alıcılarından biridir. Enerji təhlükəsizliyi sahəsində çoxsaylı sənədlər ratifikasiya olunub.

Gələcəkdə qaz idxalının artırılması, etibarlı tərəfdaş olaraq xam neftin dünya və Avropa bazarlarına ixracında bu ölkənin rolunun çoxaldılması, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi istiqamətində fəaliyyət nəzərdə tutulur. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, həm də Avropa qitəsində enerji təhlükəsizliyinə çox böyük faydası olacaq. Yaxın gələcəkdə Azərbaycanın beynəlxalq brendi – SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması da nəzərdə tutulub.

Habelə nəqliyyat təhlükəsizliyin təmin olunması baxımından avtomobil və dəmir yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanından birgə istifadə imkanları nəzərdən keçirilir. Bu, Azərbaycan üzərindən tranzit yüklərin artırılmasına töhfə verəcək mühüm bir addımdır.

Prezident İlham Əliyevin Bolqarıstana səfəri və orada səsləndirdiyi fikirlər əminliklə söyləməyə əsas verir ki, ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutacaq. Azərbaycanda qədim Avropa ölkəsinə uzanan yol etibarlı tərəfdaş qismində daha da dərinləşəcək.

"Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı

yazar

Nihad Allahyarlı

07.10.2022

Sosial şəbəkələrdə paylaş