Davamçı köşəsi

“Bir əsrə sığmayan ömür”

Bir neçə saatdır ki, ən gözəl yazan qələmimlə bəmbəyaz bir vərəqi yazı masama qoyub düşünürəm. Bu yazıya başlamadan öncə ağlımda dönüb-dolaşan və məni xeyli vaxtdır ki, narahat edən sualıma cavab tapmağa çalışıram:"Axı bir əsrə sığmayan həyatı bir neçə vərəqə necə sığdıra bilərəm?"

Bu gün keçmişə nəzər salıb, bu günü təhlil edib, gələcək üçün yaradılan imkanları görməyə çalışacağam. Çünki haqqında yazacağım insan dünənin, bu günün və sabahın lideridir. Bu gün qələmim kiçikdən böyüyə hər kəsin qəlbində əbədi yaşayan, Azərbaycanın inkişafı naminə misilsiz xidmətlər göstərən, dünya liderlərinin imzaları içində imzası olan ümummilli lider Heydər Əliyevdən yazacaq.

Mənim "Heydər baba" sevgim kiçik yaşlarımdan yaranıb. Kitablarda, qəzetlərdə, televiziyada, ya da yolda gedərkən şəklini gördüyüm an gözümdəki sevinc işığı, üzümdəki həyəcan və təbəssüm ona olan uşaqlıq səmimiyyətimin yansıması idi. O, nəinki mənim, bütün uşaqların Heydər babası olub, sadə, təvazökar, xalqını sevən Heydər babamız...

Böyüdüm, mən böyüdükcə, Ulu Öndərin tərəqqi naminə fəaliyyətini daha dərindən anladıqca qəlbimdəki sevgi də böyüdü. Bu gün burada təkcə mənim deyil, ümumilikdə Azərbaycan xalqının qəlbindəki əbədi sevgi və hörmətdən bəhs edəcəyəm. Bu səbəblə gəlin yaxın keçmişə qısa nəzər salaq.

Bir əsrə sığmayan ömür... Elə bir ömür ki, biz bu gün də onun uğurlu nəticələrini görür, təməli sağlam qoyulan inkişaf yolunda dayanmadan irəliləyirik. Əminliklə demək olar ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır.

1988-1993-cü illərdə cəbhədəki məğlubiyyətlər, Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar kimi bir sıra səbəblərlə ölkədə gərginlik hökm sürürdü. Azərbaycanın göy üzünü mənfur qara buludların örtdüyü belə bir məqamda xalqın xilaskarı Ulu Öndər Heydər Əliyev oldu.

Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı.

Uzun illərin təcrübəsi sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq imkanı qazanırlar. Ulu öndər Heydər Əliyevin gərgin əməyinin uğurlu nəticəsi bu gün Azərbaycanda hər sahədə özünü sübuta yetirir. O, bu gün Azərbaycan xalqının dünyada sülhsevər bir xalq kimi tanınmasına səbəb olmuş, respublikamızın müstəqilliyinin qorunub saxlanmasına, dinc quruculuq işlərinin aparılmasına, iqtisadiyyatımızın möhkəmləndirilməsinə tarixi bir imkan yaratmışdır.

Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyən hər bir kəsə məlumdur. Heydər Əliyevin ən güclü silahlarından biri söz idi. Xalq ona inanır, güvənir və arxalanırdı. Çünki onun xüsusi natiqlik məharəti ilə etdiyi çıxışlar və səsləndirdiyi fikirlər xalqın yaddaşına yazılmış, ümid işığı olmuş və bu gün də dillər əzbərinə çevrilmişdir.

Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük ümidləri vardı və hər zaman öz çıxışlarında qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bu gün gənclərə göstərilən diqqət və dəstək Ümummilli Lider Heydər Əliyev kursunun, o cümlədən Prezident İlham Əliyev siyasətinin təntənəsidir.

Biz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında məhz onun rəhbərliyi dövründə yetişən və Qarabağ vəsiyyətini yerinə yetirən xalqın nümayəndələriyik. Biz doğma yurdumuz Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edib dünyaya tanıdan gəncliyin fərdləriyik. Biz Azərbaycanın gələcəyiyik. Bu gün hər bir gənc sabahın ailə başçıları, gənc anaları və atalarıdır. Azərbaycan gəncliyi öz strateji yolunu, azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərini məhz Heydər Əliyevdən öyrənərək, onun həyat və yaradıcılığını öz ailə modelinə tətbiq edərək inkişaf etməlidir.

Sözlərimin sonunda bu il 100-cü ildönümünü qeyd etdiyimiz Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevi dərin hörmət və minnətdarlıqla anır və bildirmək istəyirəm ki, əbədiyaşar lider Azərbaycan xalqı üçün etdiyi bütün fədakarlıqları ilə bütün azərbaycanlıların qəlbində ən xoş duyğularla yaşayacaq

yazar

Xədicə Hümbətli

10.05.2023

Sosial şəbəkələrdə paylaş