Davamçı köşəsi

Vətəndaş jurnalistikası nədir?

Müasir dövrümüzdə texnologiyaların bu qədər sürətlə inkişaf etməsi hər bir fəaliyyət sahəsinə öz təsirini göstərir. İlk olaraq cəmiyyətin və kommunikasiyanın inkişaf tarixində yeni imkanlar əldə olundu. Bu əlverişli şərait dünyanın istənilən yerində zaman-məkan asılılığı olmadan, interaktiv şəkildə kommunikativ əlaqələrin qurulmasına səbəb oldu.

Kütləvi informasiya vasitələrinin “IV hakimiyyət” rolunda çıxış etməsi onun dünya üzərində yaratdığı imkanların ifadəsidir. Biz bu gün istənilən anda bir toxunuşla maraq dairəmizi əhatə edən hər bir informasiya ilə məlumatlanırıq. Bunun səbəbi kütləvi informasiya vasitələrinin operativ, qərəzsiz, vicdanlı şəkildə fəaliyyət göstərməsidir. Fəaliyyətin təşkili vicdanlı jurnalistlər tərəfindən həyata keçirilir. Peşə kodekslərinə, fəaliyyətlərinin hüquqi formada tənzimlənməsinə riayət edən hər bir vicdanlı jurnalist cəmiyyətin “çirkli” informasiya bataqlığına düşməsini istəməz. Yayımlanma formalarından asılı olmayaraq hər informasiya dolğun, düzgün, operativ şəkildə cəmiyyətə çatdırılmalıdır. Bir jurnalist üçün ən əsası onun operativ və düzgün olmasıdır. Bunun əsasından çıxış edərək, bu gün hər birimiz üçün sosial media platformaları əlçatan vəziyyətdədir. Demək olar ki, hər birimiz günün yarıdan çoxunu sosial şəbəkələrdə keçiririk, buna görə də həddindən artıq informasiya ilə qarşılaşmış oluruq. Maraq dairəmizdə olan informasiyaları daima öz ətrafımız ilə bir toxunuşda paylaşıb, şərh bildirə bilirik. Lakin biz gündə qarşımıza çıxan “n” qədər informasiyanın düzgün olduğunu bilirikmi? Məhz, söhbətin məğzi elə burdan başlayır. Lap əvvəldən vurğuladığım kimi- doğru, düzgün, vicdanlı.

İnternetə çıxışımız olduğu bu zamanda hər birimiz jurnalist rolunu oyanıyırıq. Şahidi olduğumuz, hadisə yerində olan zaman hər bir məlumatı sosial şəbəkələrdə paylaşa bilirik. Məsələn, yolda olduğumuz zaman gözümüz qarşısında baş verən bir yol-nəqliyyat hadisəsini təbii ki, biz müxbirdən daha tez cəmiyyətə çatdıra biləcəyik. Bunun üçün hadisənin təfərrüatlarını bilmədən, çəkdiyimiz görüntünü istənilən sosial mediada paylaşıb, hər kəsi xəbərdar edə bilərik. Bu proses vətəndaş jurnalistikası adlanır. Bunu bir müxbir işindən fərqləndirən yalnız operativ xassəsi olur. Lakin hər operativ xəbər doğrudurmu? KİV-nin jurnalisti cəmiyyətə xəbəri çatdırarkən, onu iki və daha çox mənbədən araşdırır, təfərrüatlarını öyrənir, düzgünlüyünə əmin olur, insanlara qərəzsiz şəkildə məlumatı ötürür.

Təbii ki, bundan əlavə, demokratik bir dövlətdə vətəndaş jurnalistikasının bu qədər inkişaf etməsi ölkənin söz və media azadlğının hansı səviyyədə olmasının göstəricisidir. 1998-ci ildə ölkəmizdə senzuranın ləğvi və KİV vasitələrinin qorunması, inkişafı üçün daima qəbul olunan qanun və fərmanlar media sahəsinə daim göstərilən qayğı və diqqətin ifadəsidir. Ulu Öndər Heydər Əliyevin mətbuata göstərdiyi diqqəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Bu onun göstəricisidir ki, ölkəmizdə cəmiyyət daim informasiya “alış-verişindədir” və vətəndaş jurnalistikası öz çərçivəsini genişləndirməyə davam edir.

 

yazar

Xədicə Hümbətli

11.01.2023

Sosial şəbəkələrdə paylaş