Davamçı köşəsi

Qalib Azərbaycan Xalqı!

Bir dəqiqəlik gözlərimi yumub şəhərin səsini dinləyirəm. Şəhər sanki dil açıb mənimlə danışır. Səssizliyi unudub balaca bir uşaq kimi yeni sözlər öyrənir. Lüğətində isə ancaq sevinc sözlərini yazır. Bu səhnəyə şahid olaraq təəccüblənirəm. Mənim əlimdən tutur. Sonra bir fırça verir. Deyir ki, gözəl şəkil çək!. O şəkildə çoxlu insanlar olsun. Fərqi yoxdur ki, qoca, cavan, uşaq olsun. Əsas odur ki, vətəninə bağlı insanlar çəkəsən. Mən o əsərə baxanda qəlbləri xalqları ilə döyünən millətin gücünü hiss edim. Yaratdığın tablonu seyr edərkən sən demədən keçmişini gələcəyin uğuruna çevirən birlik görüm. Hər nə olursa-olsun birliyi dünyanın bütün yerlərində eşidilsin. Yaddaşlarda yad ediləndə fəxrlə bir ad səslənsin. Adı isə “Azərbaycan” olaraq qeyd olunsun. Bu vaxt gözümə sanki qoca bir tarixin baxışı tuşlanır. Mənə baxıb söyləyir ki, bu hissi yaşatmaq lazımdır. Görmək ilə kifayətlənsən mənasız olar. Bu vaxt onun dediklərinə əməl edirəm. Ayaq saxlayıb vətənimə musiqi kimi qulaq asıram. Sətirləri o qədər mənalıdır ki, insanın ruhunu sakitləşdirir. Sözlər sətirlərin yanında aciz qalır. Ona görə ki vücud sonsuz hüzur ilə ruhun qidalandırır. Musiqinin nəqarəti isə “Qarabağ Azərbaycandır” adı ilə səslənir. Elə bu vaxt 44 günlük Vətən müharibəsini xatırlayıram. Ağlıma isə tək bir kəlimə gəlir. Kəlimə “qələbə” deyə yaddaşları təzələyir. Qələbə - bu söz çox cümlənin səbəbkarıdır. Eyni zamanda başlanğıcıdır. Çünki bizlər müharibənin əvvəlində və sonrasında işlərin necə gedəcəyini bilirdik. Ona görə ki qalibiyyətin ayaq səslərini bundan 1 il əvvəl eşitdik. Elə o vaxtda özümüzü sübut etdik. Gözümüzün yaşını silib zəfəri yaşatdıq. Dünyaya türklərin gücünü göstərdik. Kim olduğumuzu bildirdik. Bizlər ölkəmizi yaşatmaq üçün öz canlarımızı heçə saydıq. Vətəni hər bir şeydən üstün bildik. Bunu sözdə deyil, əməldə etdik. İndi sizə kimlərdən deyim? -İki oğlunu vətənə qurban vermiş atadan, yoxsa ümidini şəhid oğluna bağlamış anadan ?. İstəsəm də deyə bilmərəm. Bu ağrı nə söz, nə də cümlə ilə ifadə oluna bilməz. Səbəbi isə bəzi yaraların dilsiz olmasıdır. Ancaq sizlər görün ki, bizlər necə güclü dövlətik. Bizlər şəhid kəlməsini eşidəndə qəlbimiz sızlasa belə, ölkəmizi öz canımızdan üstün tutan millətik. Mənliyimizi, kimliyimizi daim zirvələrə yüksəldirik. Rütbəmizdən aslı olmayaraq qaldırırıq. Necə ki, general-mayor Polad Həşimov kimi... O əsgərlə birlikdə düşmənə elə bir dağ çəkdi ki, o yaranın izi birdə sağalmaz. Sağalsa belə qabıq bağlamağa gücü çatmaz. Çünki türklər bir dəfə şəhid olur, min dəfə dirilirler. Eynən Dövlətzadə Cəbrayıl kimi... O Polad Həşimovun qisasını aldı. Yaşının kiçik olmasına, baxmayaraq, güclü bir vətən oğluna çevrildi. Arxa cəbhəmizlə birlikdə ön cəbhəmiz də savaşırdı. Ön cəbhədə savaşan, xalqımızın yanında olan Fulya Öztürkdür. O qardaş ölkənin yanında oldu. Kədərimizlə bərabər sevincimizi də yaşadı. Hamıya “ölkə güclüdür” deyirdi. Bu sözə xalq olaraq sevinc verdik. Sevinci yaşatmaq üçün əlimizdə bayraq, vətənin hər bir yerində qalibiyyəti keçirdik. Ən qürurverici hiss isə döyüşdə ayağını itirmiş qazi, əlində türkün bayrağı burda olduğunu bildirməsi idi. Bu anı seyr edən qoca isə nəmli gözləri ilə onu alqışlayırdı. Sanki söyləyirdi ki, sizə çox şey borcluyuq. Ona görə ki millətin oğlu olaraq vətənpərvərlik nümayiş göstərdiniz. Düşməndən fərqli olaraq, onların atdığı övladlarına sahib çıxdınız. Son tikənizi düşmən övladlarına verdiniz. Düşmən bizim uşaqlarımıza zərər verərkən, igidlərimiz erməni uşaqlarına qucaq açdı. Bununla da göstərdik ki, kim kimdi. İgidlərimiz yurdun öyrətdiyi dərsi layiqincə yerinə yetirdi. Dillərdə rəğbətlə danışıldı. İndi bütün bunlara nəzər yetirib, göydə hökmranlığını yaşadan bayrağıma baxıram. Bayrağın ətrafını quşlar bürüyüb. Onlara baxanda səmada bizi izləyən şəhidlərimizi xəyal edirəm. Bu zaman Çingiz Mustafayev gözümün önündə canlanır. Çiynində kamerası ilə Ali Baş Komandir Heydər Əliyevin nəzarəti altında, Polad Həşimovun başçılıq etdiyi Qələbə Paradını çəkir. Uzaqdan Xudayarın “Vətən Yaxşıdır!”ifası səslənir. Bu səfər Mustafayev insanların kədərini deyil, sevincini kameraya çəkir.

yazar

Nəzrin Gəncəliyeva

21.12.2021

Sosial şəbəkələrdə paylaş