Davamçı köşəsi

Xocalı soyqırımı

Tarixdən bir səhifə vərəqlənir. Vərəqlər tozludur. Keçmişin qoxusu gəlir. Toxunduqca səhifə sanki dil açır. Əlimin ucundakı barmaqlarım mənə yük olur. Sanki yaşlı dünyanın qiyamət yarasına toxunmuşam. Bu yara o illər üçün sağalmayan dəhşətli gündür. Səssiz, heç kimsəyə danışmaq istəməyən, dünyanın sərt üzünü görən, gün üzünü yada salır. Danışmaq istəsən, sənə yaşadılanı dünyaya çatdırmağa çalışsan, boğazında yumruq kimi bir düyün yaranır. Elə o vaxt özün belə hiss etmədən yaddaşın sənə bir faciəni xatırladır. O faciə ki qəlbin ağrılı nöqtələrinə ayaq basır. Ruhunu, bədənini tanımadığın duyğuların əsirinə çevirir. Sənə isə buraxdığı gözyaşı, qorxu, həyəcan olur. Kimi uşaq, kimi qoca, kimi isə cavan yaşında həyatın şiddətli ritmlərini tanıyır. Bəzən oturub sakitliyə qulaq asanda o vaxtı yaşadığın üçün suallar verməyə səy göstərirsən. Ancaq suallar cavabsız qalır. Çünki həyatın qanunu budur. Ən xoşbəxt, sevincli gündə uçuruma səni atmaq. O uçurumun kənarı Xocalıdır. Orda uşaqların gözyaşı, cavan qadınların hıçqırıqları, babaların əsalarının qırıldığı, igidlərimizin namərdlərlə vuruşduğu məkandır. Bunun adı cəhənnəmdir. Yerüzündəki cəhənnəm. Ağrı, acı, susuzluq, aclıq kimi imtahanlar verirsən. Keçə bilsən yaşayırsan. Ən əsası isə nəfəs ala bilirsən. Həyatı bir saniyədə ciyərlərinə çəkib xoşbəxtlik axtarırsan. Xoşbəxtliyin adını belə tanıyanda düşmənlər cəllad kimi başının ətrafında toplanır. İnsanları öldürür, ailələri başsız qoyurlar. Lakin bununla da kifayətlənmirlər. İşgəncələr verirlər. Belə deyək bu soyqırım nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Digər qandonduran məqam isə 8 ailənin tamamilə məhv edilməsi, 613 sakininin qətlə yetirilməsidir. Bu rəqəmlərin tək səbəbkarı ermənilərdir. Erməni sözü deyiləndə onlara qarşı bəslədiyim bir duyğu baş qaldırır – nifrət. Onlar fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etməyə çalışdılar. Niyyətlərinə çatmaq üçün isə namərdcə vuruşmağı seçdilər. Çünki onlar qorxaqdılar. Bu qorxaqlığı, vəhşiliyi isə daim dünya ölkələrinə çatdırırıq. Azərbaycanın mərd oğlunun çəkdiyi kadrlarla göstəririk. Çingiz Mustafayevin kameraya tuşladığı səhnələrlə bizə yaşadılan acının videolarını canlı şahid tuturuq. Bəziləri bu kadrlara baxa bilmir. Onların baxa bilmədiklərini saniyəsi və dəqiqəsi ilə bizim vətəndaşlarımıza yaşadıblar. Eynən 9 yaşlı qız uşağı Ləfxanım kimi. Onun xatırladığı atasının dediyi cümlədir. “Ağdamın işıqları yanır. Çatmağımıza az qalıb”. Əslində o yanan təkcə işıqlar deyildi, ümidlər idi. Ümidlərini itirmirdilər. Gözlərinin önündə böyüdükləri evlərin yanmasına baxmayaraq ayaqda qalmağa səy göstərirdilər. O evlə birlikdə həmin gecə Ləfxanımın uşaqlığıda ölmüşdü. Balaca uşaq bir gecənin içində böyümüşdü. Bir gecədə böyüyən digər uşaq Mehdi Əliyevdir. Hamımız onu tanıyırıq. Babasının qucağında olarkən çəkildiyi şəkildə gözlərindəki boşluq çox şeyi danışır. Başındakı ağ örpəyi sanki saflığın bir simvoludur. O soyqırım nəticəsində 2 valideynini itirən 25 uşaqdan sadəcə biridir. Ailəsindən isə tək bir xatirə miras qalıb. Oda anasının qucağı və qardaşlarıdır. Danışarkən səsi titrəyir, hıçqıraraq cümlə qürur. Görünür ki, hələ də o illərin zərbələrini yaşayır. Baxışlarında isə işıltı var. O işıltı yanan evlərindən götürmüş qəmli göz bəbəkləridir. Həyat ona ailəsini itirdikdən sonra öyrətdiyi sonrakı duyğu yuva axtarışı olub. Nitqində əmisindən, dayısından, nənəsindən tez-tez ayırdıqlarını deyirdi. Hər kəs onun yarasını qapatmaq istəyərkən bilmədikləri şəkildə qanadırdılar. Zaman onu çəkdiyi əziyyətlər azimiş kimi güvənsizliklə sınayırdı. Faciənin sonrakı qurbanı isə Salman Abbasovdur. Ermənilərin əlinə əsir düşərkən bizim dilimizə, səsimizə həsrət qaldığını danışırdı. Onu məhv edən çəkdiyi əzablar deyildə, Azərbaycan kəlməsini eşitməmək idi. Hətta əsirlikdə olarkən öz dilində söz eşidəndə sevincindən huşunu itirmişdi. Bizlər bu cür vətəninə bağlı vətəndaşlarıq. Damarlarımızda axan qırmızı qan kimi torpaq üçün coşub çağlayırıq. Bizlərə nə qədər əziyyət versələr də torpağımızı, onun adını belə ermənilərlə yanaşı tutmarıq. Çünki onlarla qaranın içindəki ağ xətlər kimi fərqlənirik. Bunu əməllərimizlə göstərdik. Onlar bizim uşaqlarımızı öldürüb, cansız bədənlərinə zülm verdilər. Bizlər isə onların müharibə vaxtı atdığı övladlarına sahib çıxdıq. Pisliyə yaxşılıq ilə cavab verdik. Bax mən bu xalqımla fəxr edirəm. Qarşılıqsız sevgi göstərən, mərhəmət sahibi olan xalqa... Birliyimiz ilə bütün dünyanı lərzə salacaq qədər güclüyük. Ona görə ki sağ əlimizlə sol əlimizi tutub, birliyin abidəsini ucaldacaq bir müqqədərata sahibik.

yazar

Nəzrin Gəncəliyeva

26.02.2022

Sosial şəbəkələrdə paylaş