Davamçı köşəsi

Gözlərində sevgi yaşadanlar

Günəşin çıxmasını izləyirəm. Ətraf hələ də alaqaranlıqdır. Qulağıma quşların səsi toxunur. Onların musiqisini dinləyərək uşaq vaxtı çaldığım pianonu xatırlayıram. Sanki anamın mənə öyrətdiyi əsərlər keçmiş günlərdən bir nişanə olaraq canlanır. Elə bil yenidən o günlər video çarx kimi gözümün önündən keçir. Həmişə olduğu kimi üzümə yenə işıq dəyir. Günəşin əsarətinə bugünki kimi şahid oluram. Şüaları ilə təkcə üzümə yansımır. Anamın böyütdüyü güllərə də can verir. O işıltı hər kəsin gözünü oxşayır. Ona görə ki qırmızı çiçəklərin hər biri özünəməxsus hekayələrini söyləyirlər. Ləçəklərində saxladığı təravəti ilə minlərlə könülləri fəth edirlər. Dik duruşları, rəngarəngliyi, gözəllikləri mənə birilərini yada salır. Bunlar qadınlardır. Heç vaxt solmayan gülüşlərində sevincləri yaşadan, gözlərindəki uşaq baxışları ilə daim içlərində sevgi daşıyırlar. Həyatı mənalı edir, gələcək günlərə ümid işığı olurlar. Yaşadığımız dövrün çətinliklərinə rəğmən ən gözəl istisnadırlar. Çünki qarşılarına çıxan bütün maneələrə mübarizə aparır, hədəflərindən yan keçmirlər. İnadkar, amma bir o qədər də qırılan ruha sahibdirlər. Kiçik yaşlarından mübarizə aparmağı öyrənirlər. Yerə yıxılsalar belə yollarına davam edirlər. Dizləri yaralı olsa da gözyaşlarını silib daim hərəkətə keçirlər. Onların bir dünyası var. O dünyada həmişə sevgi yaşadırlar. Məhz bunun səbəbidir ki, sevdiyi insanların arxasında durur, onlarla birgə çətinliklərə əzm göstərirlər. Dağ kimi, qaya kimi sərt görünsələr də o baxışlar çox şeyi danışır. Ağrı, acı, çarəsizlik danışır. Bütün olanlara baxmayaraq olduğları kimi davranırlar. Hətta daha da güclənirlər. Ailələrinin döyüşçüsü olurlar. Əsasda döyünən nəbzi. Ona görə də sizlər onları olduğları kimi qəbul edin!. Necə ki Süleymanlının da dediyi kimi: “ Qadınlar həyatdır. Onu həyatın özü kimi sevin!”

yazar

Nəzrin Gəncəliyeva

08.03.2022

Sosial şəbəkələrdə paylaş